Trump Çini seçkiyə müdaxilə cəhdində ittiham edir

Donald Trump

ABŞ Prezidenti Donald Trump Çini ölkəsində noyabra planlaşdırılan Konqres seçkisinə müdaxilə cəhdində ittiham edib.

Trump prezident seçiləndən ilk dəfə olaraq sentyabrın 26-da BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edib. O deyib ki, Çin onun ticarətlə bağlı mövqeyindən dolayı Respublikaçı Partiyasının səsvermədə yaxşı nəticə göstərməsini istəmir.

“Çin noyabr seçkisinə müdaxilə etməyə cəhd göstərib. Mənim administrasiyam əleyhinə”, – Trump deyib.

Çin isə elə həmin toplantıda bu ittihamı rədd edib.

“Başqa bir ölkənin daxili işlərinə qarışmamışıq, qarışmarıq da. Çinə qarşı hər hansı əsaslandırılmamış ittihamların qəbulundan imtina edirik”, – Çinin xarici işlər naziri Wang Yi Şurada deyib.

Hazırda Birləşmiş Ştatlar və Çin ticarət müharibəsi aparırlar. Trump Çini Birləşmiş Ştatların intellektual mülkiyyətini oğurlamaqda, öz bazarına çıxışını məhdudlaşdırmaqda, dövlət şirkətlərinə ədalətsiz şəkildə subsidiya ayırmaqda suçlayır.

Tərəflər qarşılıqlı olaraq idxal rüsumlarını artırırlar.