Özbək hüquq müdafiəçisi vətəninə qayıdıb

Tolib Yokubov

Özbəkistanın tanınmış insan haqları müdafiəçisi, mərhum prezident Islam Karimov-un tənqidçisi 10 ildən çox Fransada yaşayandan sonra vətəninə qayıdıb.

Tolib Yokubov sentyabrın 26-də Daşkənd aeroportunda qohumları, dostları, həmkarları tərəfindən qarşılanıb.

Özbəkistan İnsan Haqları Cəmiyyətinin qurucusu olan Yokubov 2007-ci ildə ölkədən çıxmalı olub, 2014-cü ildə hakimiyyət onun vətəndaşlığını alıb.

Onun AzadlıqRadiosu-na deməsinə görə, Parisdəki Özbəkistan səfirliyinin rəsmiləri avqustun ortasında ona zəng edib və bir illik vizayla ölkəsinə dönə biləcəyini söyləyib.

78 yaşlı fəal Fransa vətəndaşıdır.

Onun Özbəkistan vətəndaşlığının bərpa olunub-olunmayacağı bəlli deyil.

Gələn ay Özbəkistan prezidenti Shavkat Mirziyoev Fransaya səfər etməlidir.

O, hakimiyyətə gələndən ölkədə insan haqlarının durumu düzəltmək vədi verib, hökumət strukturlarında dəyişikliklər edib.