Universitetlərin beynəlxalq reytinqi açıqlanıb

Şahzadə William Oksford Universitetinin yeni binalarının açılışını edir, arxiv fotosu

THE (Times Higher Education) Dünya Universitetlərinin Reytinqi - 2019 açıqlanıb. Bu siyahıya 1250-dən artıq universitet daxildir və indiyədək hazırlanan ən iri beynəlxalq cədvəl hesab olunur.

THE reytinqi universitetlərin əsas missiyalarını – təhsili, tədqiqatı, bilik transferini və beynəlxalq perspektivlərini dəyərləndirir. Bu zaman tələbələrin, akademiklərin, universitet rəhbərlərinin və hökumətlərin inandığı 13 perfomans indikatoru əsas götürülür.

Reytinq PricewaterhouseCoopers (PwC) peşəkar xidmətlər şirkəti tərəfindən audit olunub.

Artıq ikinci ildir ən yaxşı universitetlərin reytinqinə Oksford və Kembric Universitetləri liderlik edir.

SİYAHIDA HANSI DƏYİŞİKLİKLƏR VAR

İlk onluğa ilk dəfə olaraq Yale Universiteti düşüb, 12-ci yerdən 8-ə qalxıb. İsveçrənin Sürix Universiteti isə 10-cu yerdən 11-ə düşüb.

Kembric Universiteti

Tsinxua Universiteti Asiyada öndə gedən universitet sayılır, 8 pillə irəliləyərək 22-ci olub. Ümumilikdə isə Çin reytinqdə mövqeyini möhkəmləndirib.

Yaponiya reytinqdəki universitet sayına görə Britaniyanı qabaqlayıb. İndi Yaponiyanın cədvəldə 103, Britaniyanın 98 ali təhsil ocağı var.

2011-ci ildən bəri ilk dəfə olaraq Fransa cədvələ 50 universitetlə düşüb.

İtaliya, İspaniya, Kanadanın da bir sıra aparıcı universitetlərinin mövqeyi yaxşılaşıb.

Ümumilikdə siyahıda 86 ölkə təmsil olunur. İraq, Yamayka, Nepal, Tanzaniya və Qazaxıstan ilk dəfə olaraq reytinqə düşüb.

Siyahıda Azərbaycandan universitet adına rast gəlinmir. Gürcüstandan Ivane Javakhishvili adına Tbilisi Dövlət Universiteti 1001-ci pillədən sonra qərarlaşıb.

Türkiyənin Sabancı Universiteti 351-400-cü aralıqda, Rusiyadan Lomonosov adına Moskva Dövlət Universiteti 199-cu yerdə, Bağdad Universiteti 801-1000-ci pillələrdə yer alıb.