«Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı baş vermiş terror aktı və daha sonra bu terror aktına dəstək verən şəxslərin tam dairəsi müəyyən olunub. Bu günə qədər 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs olunub, 11 nəfər haqqında axtarış elan edilib».
«Report»un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib.
Baş prokurorun sözlərinə görə, axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib.
«Bəzi cinayətkarların da yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib. Bu məsələdə heç kim məsuliyyətdən kənarda qalmayacaq. Hesab edirik ki, bu ilin sonuna qədər cinayət işi yekunlaşacaq», - deyə baş prokuror vurğulayıb.
Xatırlatma
İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik Y.Səfərov bu iddialarla bağlı münasibətini ictimaiyyətə açıqlamayıb.
Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Baş prokurorluq sonrakı hadisələrin gedişində silahlı müqavimət göstərdiyi deyilən 5 nəfərin də zərərsizləşdirilərək öldürüldüyünü bildirilib. Amma öldürülən həmin şəxslərdən bəzilərinin yaxınları onlarda silah olması haqqında hüquq-mühafizə orqanlarının iddialarını yalanlayıblar.
Prezident İlham Əliyev hazırda xaricdə müalicə olunduğu deyilən E.Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam verib.