Hərbi prokuror cinayətlərin azaldığını deyir

X.Vəliyev

«Prokurorluq əməkdaşlarının işə vicdanlı və daha məsuliyyətlə yanaşmasının və Silahlı Qüvvələrdə aparılmış köklü islahatların nəticəsində ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Fərarilik cinayətinin kökü isə, demək olar ki, tamamilə kəsilib».

Bunu Baş prokurorunun müavini-Hərbi prokuror Xanlar Vəliyev «Xalq qəzeti»ndə yazdığı məqalədə bildirir.

Ayrı-ayrı illərlə bağlı müqayisəli təhlil aparan X.Vəliyev deyir ki, 2017-ci ildə qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər 1998-ci illə müqayisədə 7 dəfə, 2005-ci illə müqayisədə 2 dəfə azalıb.

«Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 2005-ci illə müqayisədə 1.8 dəfə aşağı düşüb. 1998-ci il ilə müqayisədə xidmətdən yayınma cinayətləri 31 dəfə, 2006-cı illə müqayisədə 3.4 dəfə… azalıb… 2005-ci il ilə müqayisədə qeyri-hərbi cinayətlər 9 faiz, qəsdən adam öldürmə cinayətləri 1994-cü illə müqayisədə 11 dəfə, özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma hadisələri 1995-ci illə müqayisədə 2 dəfə aşağı düşüb», - - Hərbi prokuror belə yazır.