Azərbaycan ordusunun 'NATO günləri'

NATO

Azərbaycan ordusunda «NATO günləri» tədbiri keçirilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 1-də yaydığı məlumatda deyilir.

Məlumata görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Hərbi Hava Qüvvələrini komandanlığını ziyarət edəcək.

Məlumatda deyilir ki, tədbir çərçivəsində zabit və kursant heyəti üçün «NATO-nun strukturu və vəzifələri», «Azərbaycan-NATO əməkdaşlığı», «NATO-nun Əməliyyat İmkanları Konsepsiyası», «NATO və Kibertəhlükəsizlik» mövzularında mühazirələr təqdim olunacaq.

Azərbaycan ordusunda «NATO günləri» oktyabrın 5-dək davam edəcək.

1994-cü ildən Azərbaycan NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvlük məsələsi qoyulmayıb.