Şimali və Cənubi Koreya sərhədi minalardan təmizləyirlər

Demilitarizasiya zonasında Şimali və Cənubi Koreya əsgərləri

Şimali və Cənubi Koreya hərbçiləri demilitarizasiya edilmiş – hərbsizləşdirilmiş sərhəd bölgəsində minalardan təmizlənmə əməliyyatına başlayıblar. «Reuters» Cənubi Koreya rəsmilərinə istinadla xəbər verir.

Tərəflər ərazidən mühafizə postlarını götürəcək, silahları çıxaracaq və oranı partlayıcı qurğulardan təmizləyəcəklər. Ərazidə qalan sərhədçilərin xidmətlərini silahsız davam etdirəcəkləri bildirilir. Bu əməliyyat ötən ay Pxenyanda keçirilən hər iki ölkə liderinin görüşündə razılaşdırılıb.

Şimali Koreya hələlik məlumatı təsdiqləməyib.

Demilitarizə edilmiş bölgənin eni 4 km-dir, yarımadanı iki yerə ayırmaqla 250 km uzanır. Bu xətt 1953-cü ildə atəşkəs haqda razılaşma zamanı müəyyənləşdirilib. Bu ərazidə Cənubi Koreya ilə yanaşı, ABŞ-ın başçılığı altında BMT-nin beynəlxalq qüvvələri də yerləşdirilib. ABŞ komandanlığının yerli nümayəndəsi polkovnik Çad Kerrol cənubi koreyalı həmkarları ilə yanaşı, ölkəsinin də hərbsizləşdirilmiş bölgədən silahları çıxarıb-çıxarmayacaqları haqda məlumat verməkdən imtina edib. Hərçənd, o, amerikalı minatəmizləyənlərin də bölgədə işlədiklərini bildirib.

40 il öncə Cənubi Koreya sərhədboyu 5 metr hündürlükdə geniş divar tikib. O 240 km uzunluqdadır, eni 19 metrə çatır. Həmin divar elektrik gərginliyi olan tikanlı məftillərlə qorunur.

Bu bölgədə Seul səsgücləndiricilər quraşdırıb və bu yolla Koreya Xalq Demokratik Respublikası əleyhinə təbliğat aparıb. Divar yalnız bir yerdə - 10 kilometrlik Pxanmuncon düzənliyində qırılır. Məhz bu yerdə ötən ilin noyabrında Şimali Koreya əsgəri Cənuba qaçmışdı və bu vaxt ciddi yaralanmışdı.

19 sentyabrda Cənubi Koreya prezidenti Mun Çje İn Şimali Koreyanın dövlət başçısı ilə görüşdə bəyan edib ki, Pxenyan «Tonçxann» raket sınaq poliqonunu birdəfəlik bağlamağa razılıq verib və yoxlama məqsədilə beynəlxalq müşahidəçiləri ora buraxmağa hazırdır.

Bununla belə, bugünlərdə Şimali Koreyanın xarici işlər naziri BMT-də bildirib ki, ölkəsi nüvə silahından ABŞ-ın onların milli təhlükəsizliyinə təhdid olmadığına əmin olduqdan sonra imtina edəcək. ABŞ prezidenti Donald Tramp isə yaxınlarda bəyan edib ki, Şimali Koreya lideri Kim Çen In ilə bir-birlərinə «aşiq olublar». Amerika lideri təkid edir ki, onun Sinqapur görüşü Koreya yarımadasında nüvəsizləşdirmənin başlanğıcını qoyub.