Dollara tələbat azalıb

Dollar

Son bir ayda dollara tələbat kəskin azalıb.

Azərbaycan Dövlət Neft Fondunun (ADNF) açıqladığı statistik rəqəmlərdən belə nəticə çıxır.

Fond 2018-ci ilin sentyabr ayında satdığı valyutanın həcmini açıqlayıb. Həmin açıqlamaya görə, sentyabr ayı ərzində 394.8 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Halbuki, Fond bundan bir ay əvvəl - avqustda 733.7 milyon ABŞ dolları satıldığını açıqlamışdı.

Üstəlik, son aylar ölkədə dollara tələbatın artdığı bildirilirdi. Fond apreldə 802.6 milyon, mayda 422.7 milyon, iyunda 439 milyon, iyulda isə 536.6 milyon ABŞ dolları satıldığını qeyd edilirdi.

«Bu, lirə və rubl ətrafında gərginliyin azalması ilə bağlıdır»

«İnformasiya azlığı olduğu üçün biz indi dollara tələbatın azalması ilə bağlı ətraflı təhlil verə bilməyəcəyik. Sentyabr ayı üçün tədiyyə balansı üzə çıxdıqdan sonra buna ətraflı təhlil vermək mümkün olacaq. Bu da ki, dekabr ayına çəkəcək».

İqtisadçı-ekspert Rövşən Ağayev bunu Azərbaycan Dövlət Neft Fondunun sentyabr ayı üzrə dollar satışı barədə göstəricisinin şərhində deyib.

İqtisadçı hesab edir ki, iyun-avqust aylarında daha çox dolların satılması Türkiyə lirəsi və Rusiya rublunun dəyər itirməsiylə bağlı bazarda yaran gərginliyin nəticəsi idi: «Bazarda belə psixoloji ovqat yaranıb ki, əgər lirə və rubl dəyər itirirsə, deməli, manat da dəyər itirə bilər. Həmin bu ovqatdan irəli gələrək bazarda dollara tələbat artmışdı».

İqtisadçı deyir ki, artıq o gərginlik yoxdur.

R.Ağayev hesab edir ki, qeyd edilən aylarda dollara tələbatın artmasına dövlət büdcəsinə dəyişikliklər və büdcəyə Neft Fondundan transfertlər də təsir göstərə bilər.