SOCAR Türkiyədə yeni neft-kimya kompleksi qurur

İ.Əliyev və R.T.Ərdoğan STAR zavodunun təməlini qoyurlar. 2011

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə quracağı yeni neft-kimya kompleksi 1.6-2 milyard dollara başa gələcək.

AZƏRTAC-ın xəbərinə görə, bunu «SOCAR Turkey Enerji A.Ş.»nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib.

Z.Qəhrəmanov əlavə edib ki, neft-kimya sahəsində qurulacaq ikinci zavod üzrə bütün mühəndis işləri başa çatıb. Bir neçə ay ərzində tenderlər keçiriləcək və yekun təkliflər alınacaq: «Gələn ilin birinci rübündə son investisiya qərarı qəbul olunacaq və sərmayə qoyuluşuna başlanacaq. İkinci «Petkim»in (yeni neft-kimya kompleksinin) dəyəri 1.6-2 milyard dollar olacaq. Bu zavod Türkiyənin hazırkı 1 milyon tonluq təmiz tereftal turşusu (PTA) idxalını sıfıra endirəcək. Eyni zamanda, pareksilen (PX) məhsulların idxalı 800 min ton azalacaq. Zavodun 2022-ci ilin sonunda və ya 2023-cü ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır».

SOCAR-ın Türkiyədə inşa edəcəyi yeni neft-kimya kompleksi layihəsinin texniki-iqtisadi əsaslandırması 2019-cu ilin aprelində başa çatmalı, iyunda isə tikinti işlərinə başlanmalıdır.

SOCAR 2008-ci ildə Türkiyənin ilk neft-kimya zavodu olan «Petkim» şirkətinin səhmlərinin 51 faizini 2.04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. Hazırda «Petkim»in 51 faizlik səhmi SOCAR-a məxsusdur. Bu illər ərzində «Petkim»in gücləndirilməsindən ötrü 760 milyon dollardan çox investisiya qoyulub.

«Petkim» illik 3.6 milyon ton neft-kimya məhsulu istehsal edir. Bu ilin birinci rübündə «Petkim PetroKimya Holding A.Ş.»nin xalis mənfəəti 131.4 milyon türk lirəsi təşkil edib. Hesabat dövründə «Petkim»in gəliri isə 1.88 milyard türk lirəsinə çatıb.

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR neft emalı zavodu isə 2019-cu ilin yanvar ayından etibarən tam gücdə istismarda olmalıdır.

Xatırlatma

STAR zavodunun təməlini 2011-ci il oktyabrın 25-də Azərbaycanla Türkiyə prezidentləri İlham ƏliyevRəcəb Tayyib Ərdoğan qoyub.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malik olmalıdır. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. Zavod fəaliyyətə başladıqdan sonra orada ildə 1.6 mln. ton nafta, 5 mln. ton dizel, 1.6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 160 min ton kükürd və digər məhsullar istehsal olunmalıdır.

Bu ilin avqust ayında STAR zavodundan ötrü «Absheron» adlı tankerlə 80 min ton həcmində «AzeriLight» markalı ilk xam neft yükü çatdırılıb. Fəaliyyətə başlama ərəfəsində olan zavodda sınaq məqsədilə bu neftin emalı həyata keçirilir.

Bu layihənin ümumilikdə dəyərinin 6 mlrd. dollar təşkil etdiyi bildirilir.