Mühacirin qohumuna 7 il həbs verilib

Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsi oktyabrın 2-də mühacirətdəki fəal Türkel Azərtürkün qohumu Emin Saqiyevi 7 il azadlıqdan məhrum edib. Məhkəmə onu böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsində günahkar bilib.

E.Şaqiyevin ailəsindən «Turan» agentliyinə məhkəmə hökmünün uydurma olduğunu bildiriblər. Onların deməsinə görə, E.Şaqiyevi Avropaya mühacirət etmiş bacanağı - Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı, Avropadan yayımlanan müxalif «Turan TV» telekanalının aparıcılarından T.Azərtürkə görə həbs ediblər.

Ailəsindən deyiblər ki, hökmü aldıqdan sonra ondan şikayət edəcəklər.

T.Azərtürk özü də qohumu barədə məhkəmə hökmünün qurama olduğunu bildirib.

«Emin Saqiyevi mənim jurnalist fəaliyyətimə görə təqib edirdilər», - deyən T.Azərtürkün sözlərinə görə, qohumunu daha əvvəl də onunla əlaqə saxlamasına görə saxlayıblar.

Əlaqəli rəsmi qurumlardan E.Şaqiyevin həbsinin səbəbləri barədə bu deyilənlərə münasibət almaq mümkün olmayıb. Ancaq rəsmilər, bir qayda olaraq, belə iddiaları təkzib edirlər. Hökumət nümayəndələri Azərbaycanda heç kimin qurama ittihamlarla həbs edilmədiyini, konkret cinayət əməllərinə görə mühakimə olunduqlarını bəyan edir. Üstəlik, onlar vurğulayırlar ki, Azərbaycanda heç kim qohumuna görə təqib edilmir.

Mühacir fəal insanların qohumlarının təqib olunması məsələsi bundan əvvəllər də dəfələrlə mübahisə mövzusu olub. Bir neçə il əvvəl «Azadlıq» qəzetinin Avropaya mühacirət etmiş baş redaktoru Qənimət Zahidin bir neçə qohumu də narkotik ittihamı ilə həbs edilmişdi. Xaricdən fəaliyyət göstərən Meydan TV-nin rəhbəri Emin Millinin qaynı da cinayət ittihamına məruz qalmışdı. Sözügedən şəxslər yaxınlarının məhz onların fəaliyyətinə görə cəzalandırıldığını bildirmişdilər. Yerli hüquq müdafiə təşkilatları da Q.Zahidin və E.Millinin qohumunu siyasi məhbus sayırdılar

Xatırlatma

E.Saqiyev 2017-ci ilin noyabrında həbs edilib. O, bir müddət əvvəl vəkilləri vasitəsilə açıqlamasında bildirmişdi ki, qohumu T.Azərtürkün siyasi baxışlarını bölüşmür və heç vaxt onun hökumət əleyhinə fəaliyyətlərində iştirak etməyib.

E.Şaqiyev həmçinin, T.Azərtürklə hər hansı əlaqəsinin olmadığını da vəkilləri vasitəsilə bildirmişdi.

E.Şaqiyev Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə günahkar bilinib.