Britaniya Rusiyanı kiberhücumlarda ittiham edir

Haker

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiyanın hərbi kəşfiyyatını – QRU-nu rəsmən dünyada «məntiqsiz» kiberhücumların təşkilatçılığında ittiham edib.

Nazirliyin saytında yerləşdirilən bəyanatda bu haqda deyilir.

Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi bu nəticəyə gəlib ki, siyasi institutlara, biznes təşkilatlarına, kütləvi informasiya vasitələri və idman qurumlarına kiberhücumlar təşkil etdikləri təsdiqlənən bir sıra haker qruplarının arxasında faktiki olaraq Rusiyanın hərbi kəşfiyyatı dayanır.

Britaniya bildirir ki, söhbət, əsasən, Dünya Antidopinq Agentliyinə, ABŞ Demokratlar Partiyasina, Britaniya KİV-lərinə, Ukraynanın nəqliyyat şəbəkəsinə kiberhücumlardan gedir. Onların məqsədinin demokratiyanı destabilizə etmək olduğu iddia olunur. Sənəddə arxasında QRU-nun dayandığı söylənilən 10 haker qrupunun adı sadalanır.

Britaniya tərəfi qeyd edir ki, kiberhücumlar beynəlxalq qanunları kobud şəkildə pozur. Bu ölkənin xüsusi xidmət orqanları əmindirlər ki, həmin hücumlara görə məsuliyyəti konkret olaraq Rusiya hakimiyyəti və Kreml daşıyır.

Nazir Ceremi Hant Britaniya və müttəfiqlərinin kiberhücumlara qarşı mübarizə məqsədilə birgə tədbirlər görəcəyini və Rusiya hərbi kəşfiyyat idarəsinin beynəlxalq sabitliyi pozmaq cəhdinə cavab verəcəklərini bildirib.