4 rus kəşfiyyatçısı Hollandiyadan qovulub

Kəşfiyyat

Oktyabrın 4-də Hollandiya Müdafiə Nazirliyi bu ilin aprelində Rusiya hərbi kəşfiyyatının 4 əməkdaşının bu ölkədən çıxarıldığını bəyan edib. Onların Haaqada kimyəvi silahları qadağan edən quruma qarşı haker hücumu planlaşdırdığı iddia olunur.

Sözügedən qurum, əsasən, Suriyada kimyəvi silahdan istifadəni araşdırmaqla məşğuldur və eləcə də aprelin 6-da Suriya şəhərlərindən biri - Dumada kimyəvi hücumu təsdiqləyib. Həmçinin, qurum Britaniya mütəxəssislərinin Sergey və Yuliya Skripalların Solsberidə zəhərlənməsi haqda məlumatlarını yoxlayıb və təsdiqləyib ki, həqiqətən də yüksək dərəcəli «Noviçok» maddəsindən istifadə edilib.

Müdafiə Nazirliyinin əməkdaşı oktyabrın 4-də keçirilən mətbuat konfransında apreldə ölkədən çıxarılmış Rusiya vətəndaşlarının adlarını açıqlamayıb.

Oktyabrın 4-də Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiyanın hərbi kəşfiyyatını – QRU-nu rəsmən dünyada kiberhücumların təşkilatçılığında ittiham edib.

Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi bu nəticəyə gəlib ki, siyasi institutlara, biznes təşkilatlarına, kütləvi informasiya vasitələri və idman qurumlarına kiberhücumlar təşkil etdikləri təsdiqlənən bir sıra haker qruplarının arxasında faktiki olaraq Rusiyanın hərbi kəşfiyyatı dayanır.