Bundan sonra Azərbaycana gələn xarici və ya vətəndaşlığı olmayan şəxslər ölkədə 15 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmadan yaşaya biləcəklər.
Bununla bağlı Nazirlər Kabinetinin «Viza blankının doldurulması Qaydası», «Viza almaq üçün ərizə-anket» nümunəsi və «Azərbaycana əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti» nümunəsi haqda qərarlarına dəyişikliklər edilib.
Nazirlər Kabinetinin məlumatına görə, dəyişiklikləri baş nazir Novruz Məmmədov bu gün, oktyabrın 4-də imzalayıb.
Dəyişikliklərə görə, Dövlət Miqrasiya Xidməti bundan sonra Azərbaycanda 15 gündən artıq qalan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin yer üzrə qeydiyyata alınmasından ötrü sənədlərini qəbul edəcək. İndiyədək bu müddət 10 gün idi.
Xarici və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycana dəvət edilməsinin əsaslarına da dəyişiklik edilib. Bundan sonra belə şəxslərə viza verilməsindən ötrü onları dəvət edən tərəfin vəsatəti tələb olunacaq. İndiyədək onların təmsil etdiyi ölkənin, yaxud beynəlxalq təşkilatın rəsmi notası və ya Azərbaycanın müvafiq qurumlarının vəsatəti tələb olunurdu.
Bundan sonra həmçinin, Azərbaycana əcnəbi və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən qeyri-dövlət təşkilatı özünün dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini də təqdim etməli olacaq.
Bu qayda tranzit və turizm vizalarına keçərli deyil.