Keçmiş prezident 15 il həbsə göndərildi

Li Mön Bak

Cənubi Koreyanın korrupsiyada ittiham olunan keçmiş prezidenti Li Mön Bak 15 il azadlıqdan məhrum edilib. O həmçinin, 11.5 milyon dollar cərimələnməlidir. Bu qərarı Seul məhkəməsi qəbul edib, - «Reuters» xəbər verir. Prokurorluq isə keçmiş prezidentə 20 il həbs tələb etmişdi. Bak özü məhkəmədə iştirak etməyib.

Li Mön Bakın 76 yaşı var. O, Cənubi Koreyaya 2008-2013-cü illərdə başçılıq edib. Bu ilin yazında o, rüşvət almaqda ittiham olunub, o cümlədən «Samsung» şirkətindən rüşvət aldığı iddia edilir. Bak həmçinin, vergi ödəməkdən yayınmaqda, hakimiyyətdən sui-istifadədə, seçki qanunvericiliyini pozmaqda da suçlanır.

Ötən il rüşvət və hakimiyyətdən sui-istifadə ittihamı ilə Cənubi Koreyanın keçmiş lideri Pak Kın Xe 24 il həbs cəzası almışdı. 2009-cu ildə haqqında səslənən korrupsiya ittihamlarından sonra eks-prezident No Mu Xön intihar etmişdi. İndi ölkəyə Mun Çje İn rəhbərlik edir.