Oktoberfest-ə 6,3 milyon nəfər qatılıb

Festival zamanı, arxiv fotosu

Almaniyanın məşhur Oktoberfest pivə festivalı oktyabrın 7-də başa çatıb. Təşkilatçılar festivalda 6,3 milyon nəfərin cəmi 7,5 milyon litr pivə içdiyini bildirir.

Münhendə hər il keçirilən festivalda ötən ildəkindən 100 min nəfər daha çox adam iştirak edib. Ancaq istehlak olunmuş pivənin miqdarı dəyişməyib. Alkoqolsuz içkilərin satışı isə 10 faiz artıb.

Dünyanın ən böyük pivə festivalı sayılan bu tədbir sentyabrın 22-də başlanıb. Festivalın tarixi 1810-cu ildə Bavariyanın vəliəhd şahzadəsi Ludwig-lə şahzadə Therese-nin toyu münasibətilə keçirilən at yarışması ilə bağlıdır.

Builki tədbirə ABŞ-ın keçmiş prezidenti Bill Clinton və həyat yoldaşı, Birləşmiş Ştatların keçmiş dövlət katibi və prezidentliyə namizəd olmuş Hillary Clinton da qatılıblar.

Təşkilatçılar tədbir zamanı cinayətlərin 10 faiz azaldığını bildirirlər. 58 yaşlı bir ziyarətçinin dava-dalaşdan sonra öldüyü xəbər verilir.

Polisin məlumatına görə, bədənə ölümlə nəticələnmiş ziyan vurmaqda şübhəli bilinən 42 yaşlı bir kişi dindirilir.