Bal yarmarkası nəhayət baş tutdu

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanın bütün ballarının sərgi-satışı (2017)

Bu gün, oktyabrın 8-də Bakıda 19-cu arıçılıq məhsullarının sərgi-satış yarmarkasının açılışı olub.

Yarmarka T.Bəhrəmov adına Respublika Stadionunun qarşısındakı ərazidə keçirilir. Günorta saatlarında keçirilən açılış mərasiminə Kənd Təsərrüfatı Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri, başqa rəsmilər qatılıblar.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yarmarka ayın sonuna, oktyabrın 28-dək davam edəcək.

Yarmarkaya 150 ton süzmə balın çıxarıldığı bildirilir. Həmin məhsul 371 sahibkardan alınıb. Yarmarkaya arı məhsullarının daha çox Astara və Aran iqtisadi rayonundan gətirildiyi qeyd edilir.

Satışa çıxarılan arıçılıq məhsullarının keyfiyyət məsələsinə Qida Təhlükəsizliyi Agentliyi, təşkilati məsələlərə isə Kənd Təsərrüfatı Nazirliyi məsuldur.

Yarmarkada 1 kq bal 20-25 manata təklif edilir.

Xatırlatma

Bal yarmarkası oktyabrın 5-də başlamalı idi, ancaq təşkilatçılar açılışı təxirə saldıqlarını açıqlamışdılar.

«Bal yarmarkasının açılış mərasiminin təxirə salınması qərarı hava şəraitinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar vətəndaşların və yarmarka iştirakçılarının rahatlığı nəzərə alınaraq qəbul edilib», - nazirliyin açıqlamasında bildirilmişdi.

Həmin vaxt «Turan» agentliyi xəbər verirdi ki, külək yarmarka məqsədilə quraşdırılmış çadırları uçurub.