Jurnalistin peşəsinə görə öldürülməsinə dair ‘sübut yoxdur’

Victoria Marinova

Bolqarıstanın baş polis rəsmisi deyir ki, telereportyorun ölümünün onun işinə bağlı olmasına dair, hələlik, sübut tapılmayıb.

Viktoria Marinova-nın qətli ölkəni sarsıdıb. Daxili işlər naziri Mladen Marinov oktyabrın 8-də ölkənin şimalındakı Rusu şəhərinə gedib. “Söhbət zorlanmadan və öldürülməkdən gedir”, – o deyib.

30 yaşlı Marinovanın ölümünə görə bu gün – oktyabrın 8-də Sofiyada və digər şəhərlərdə yürüşlər planlaşdırılır.

Jurnalistin cəsədi iki gün öncə Dunay çayının yaxınlığındakı parkda tapılıb.

Polis onun qəddarlıqla döyüldüyünü, zorlandığını, boğulduğunu bildirir. Jurnalistin həm şəxsi, həm də peşəkar fəaliyyəti ilə bağlı araşdırma aparılır.

Bu qətl hadisəsini beynəlxalq ictimaiyyət pisləyib, tam və hərtərəfli araşdırma aparılmasına çağırıb.

REAKSİYALAR

Almaniya xarici işlər nazirliyinin sözçüsü sürətli araşdırmanın vacib olduğunu vurğulayıb.

“Victoria Marinova-nın dəhşətli qətlindən sarsılmışıq. Daha bir jurnalist həqiqət uğrunda, korrupsiyayla mübarizədə qurban gedir”, – Avropa Komissiyasının birinci vitse-prezidenti Frans Timmerman tvitində yazıb.

Veteran telereportyor olan Marinova illər boyu TVN özəl telekanalında canlı şou proqram aparıb, həmçinin menecmentin üzvü olub.

Bir neçə ay öncə isə o, “Detector” adlı araşdırma proqramının aparıcısı kimi çalışmağa başlayıb. Son proqramlarda Avropa İttifaqının ayırdığı vəsaiti düzgün xərclənməməsi, özəl şirkətlərin korrupsiyaya yol verdiyi iddia olunan müsahibələr efirə gedib.

Marinova son 12 ayda Avropa İttifaqı ərazisində zorakılıqla öldürülən üçüncü jurnalist sayıla bilər.

“Əvvəl Malta, daha sonra Slovakiya, indi də Bolqarıstan. Avropada jurnalistlərin öldürülməsi qəbuledilməzdir”, – Avropa Parlamentinin alman üzvü Said Sven Giegold deyib.

Qeyd edək ki. bundan öncə Malta və Slovakiyada araşdırmaçı jurnalistlər qətlə yetirilib.

Parisdə mənzillənən Sərhədsiz Reportyorlar Təşkilatı bildirib ki, təhqiqat aparıldığı müddətdə TVN jurnalistləri polis qorumasıyla təmin olunmalıdır.