500 nəfər maşinist olmaq istəyəndən 17-si qaldı

Qatar

«Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hərəkət qatarlarının maşinisti peşəsi üzrə iyulun 16-da elan etdiyi namizədlərin seçim prosesi başa çatıb.

Bu barədə qurumun oktyabrın 9-da yaydığı məlumatda bildirilir.

«Seçim mərhələlərinə qatılmaq üçün metropoliteninə 500-dən artıq müraciət daxil olub. 339 nəfər əvvəlcədən elan edilmiş əsas tələblərin şərtlərinə uyğun gəlməyib. İlkin seçim mərhələsinə 170 nəfər dəvət edilib, onlardan 127 nəfəri müsahibə mərhələsində iştirak edib», - məlumatda vurğulanır.

Qurum bildirir ki, bütün mərhələləri keçdikdən sonra nəhayət, 17 iddiaçı qalıb. Maşinist peşəsi üzrə təlim prosesində 17 iddiaçı iştirak edəcək. Onlardan biri qadındır.

Məlumatda vurğulanır ki, tədris prosesinin iştirakçılarına «Bakı Metropoliteni» QSC-nin təqaüdü veriləcək.

Xatırlatma

Bakı metropoliteni 1967-ci il noyabrın 6-da fəaliyyətə başlayıb. Hazırda uzunluğu 37 kilometrdir və 3 xəttdən, 25 stansiyadan ibarətdir. Stansiyalardan biri təmirə dayanıb.