İ.Əliyev ABŞ rəsmisini qəbul edib

C.Kent

Azərbaycan prezidenti İlham Əliyev bu gün, oktyabrın 9-da ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kenti qəbul edib.

Bu haqda AZƏRTAC-ın məlumatında bildirilir.

Məlumata görə, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Söhbət zamanı təhlükəsizlik sahəsində əməkdaşlığa toxunulub. Məlumatda vurğulanır ki, Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfəsi yüksək qiymətləndirilib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər də diqqət mərkəzində olub.

Tərəflər enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini, ABŞ-ın Azərbaycandan Avropaya qaz nəql edəcək «Cənub Qaz Dəhlizi» layihəsinə verdiyi dəstəyi qeyd ediblər.

Söhbət zamanı qeyri-neft sektoru, ticarət, informasiya texnologiyaları, sərmayə qoyuluşu, kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsinin aparıldığı da bildirilir.