1330 xalçadan 287-si satılıb

İ.Əliyev Xalçaçılıq Muzeyində. 2013

«İndiyədək Azərbaycan xalçalarının Bakı, Qarabağ, Naxçıvan, Quba, Gəncə, Şirvan, Qazax-Borçalı, Təbriz qrupları üzrə 1330 ədəd, 4401 kvadratmetr xalça toxunub. Yerli və xarici bazarlarda «Azərbaycan brendi» olaraq 287 ədəd, 853 kvadratmetr xalça satılıb».

AZƏRTAC-ın xəbərinə görə, bunu prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında «Azərxalça» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov deyib.

O bildirib ki, bu il prezidentin sərəncamı ilə «Azərxalça»nın daha 10 filialının yaradılmasından ötrü vəsait ayrılıb.

V.Muradov dövlətin bu sahəyə ayırdığı vəsaitlərlə bağlı konkret rəqəmlərə də toxunub. O deyib ki, filialların stabil fəaliyyətinin təmin olunmasından ötrü prezidentin sərəncamı ilə ayrılan 2 milyon manat vəsaitlə «Hyundai» markalı 18 avtobus alınıb.

«20 emalatxana binasının tikintisi, infrastrukturunun yaradılması, avadanlıq və dəzgahlarla təchizatı üçün «Azərxalça» Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsində investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitdən 37 milyon 475 min manat vəsait ayrılıb», - deyə o vurğulayıb.

V.Muradov 2019-cu ildə görüləcək işlərdən də danışıb: «2019-cu ildə Qaradağ rayonunda, Gəncə, Mingəçevir, Şəki şəhərlərində, Xızı, Masallı, Zaqatala, Bərdə rayonlarında, Ağcabədi rayonunda köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsində, Goranboy rayonunda köçkünlərin məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində xalça istehsalı emalatxanaları yaradılacaq».

Xatırlatma

«Azərxalça» Açıq Səhmdar Cəmiyyəti prezidentin fərmanı ilə 2016-cı il mayın 5-də yaradılıb.

2016-2017-ci illərdə Füzuli, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında onun filialları təsis edilib.