Qarabağla bağlı yeni mitinq qərarı var

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda Qarabağa azadlıq tələbi ilə aksiya

Bakıda Qarabağ və Azərbaycanın başqa işğal edilmiş əraziləri ilə bağlı növbəti mitinqin keçirilməsinə qərar verilib.

Bu haqda aksiyanın təşkilatçısı olan Qarabağ Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, komitə bu gün, oktyabrın 10-da toplanıb. Müzakirə mövzusu mitinq məsələsi olub. Qərara alınıb ki, Qarabağla bağlı növbəti mitinq noyabr ayında keçirilsin.

Təşkilatçılar bundan ötrü Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklər. Aksiyada «Qarabağa azadlıq!» və başqa şüarların səsləndiriləcəyi gözlənir.

Qarabağ Komitəsi bundan əvvəl sentyabrın 29-da Bakıda «Qarabağa azadlıq» tələbiylə mitinq keçirib. Təşkilatçılar deyirdi ki, mitinqin keçirilməsində məqsədləri Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazilərinin 20 faizini Ermənistanın işğalı altında saxlamasına etiraz etməkdir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.