Oktyabrın 11-də Tərtər rayonunda mina partlaması nəticəsində rayon sakininin ağır yaralandığı bildirilir.
Bu barədə rayonun Həsənqaya kənd icra nümayəndəsi İlqar Qasımov məlumat verib. O, «Report»a açıqlamasında hadisənin səhər saatlarında qoşunların təmas xəttində baş verdiyini bildirib.
«Kəlbəcər rayonundan olan məcburi köçkün, 1996-cı il təvəllüdlü Azad Həsənov ərazidə mal-qara otararkən hava dumanlı olduğundan təmas xəttində minalanmış əraziyə girib. Hadisədən sonra özünü itirməyən Azad telefonla qardaşına və dostlarına zəng edərək minaya düşdüyün bildirib», - deyən icra nümayəndəsinin sözlərinə görə, yaralı əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq vəziyyəti ağır olduğundan onu daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
Xəstəxanadan isə bildirilib ki, A.Həsənov üzərinə cərrahiyyə əməliyyatı aparılıb. Onun bir ayağının amputasiya edildiyi bildirilir.
Səhiyyə Nazirliyinin məlumatında isə yaralının vəziyyətinin ağır olduğu qeyd edilir.
Xatırlatma
Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanır. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.
Tərtər rayonu Dağlıq Qarabağa bitişikdir.