Əhvazdakı parada hücuma görə hərbçi saxlanıb

Parada hücum

Ötən ay İranın Əhvaz şəhərində hərbi parada hücumla əlaqədar ölkə ordusunun üzvü saxlanıb.

Ədliyyənin sözçüsü Gholamhossein Mohseni Ejehi oktyabrın 14-də deyib ki, cinayət işilə bağlı daha 11 hərbçi də dindirilməyə çağırılıb.

Ejehi işi hərbi məhkəmənin araşdırdığını söyləyib, əlavə informasiya verməyib.

Sentyabrın 22-də ölkənin cənub-qərbindəki Əhvaz şəhərində parada hərbi uniformalı silahlılar atəş açıb. 24 nəfər həlak olub.

Parada hücum

DEPUTAT TƏHLÜKƏSİZLİK QÜVVƏLƏRİNİ TƏNQİD ELƏDİ

1980-88-ci il İran-İraq müharibəsinin başlanması münasibətilə keçirilən paradda dinc sakinlər, İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) üzvləri də öldürülüb, onlarla adam yaralanıb. Rəsmilər hücum edənlərin də qətlə yetirildyini bildirib.

Hücuma görə məsuliyyəti həm İslam Dövləti (İŞİD) silahlı qruplaşması, həm də Əhvaz Milli Müqaviməti adlanan etnik ərəb separatçı çətir qruplaşması götürmüşdü. Ancaq onlardan heç biri iddialarını əsaslandıracaq dəlil ortaya qoymadı.

Ötən ayın sonunda yarırəsmi ISNA xəbər agentliyi ölkə parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəhbərinin dediklərini yaydı. Heshmatollah Falahatpisheh təhlükəsizlik qüvvələrini hücum zamanı diqqətsizliyə görə tənqid edirdi.

İranın kəşfiyyat naziri Mahmud Alavi isə oktyabrın 14-də deyib ki, nazirlik yaraqlıların “300 komandasının” aşkarlanıb məhv edilməsinə köməklik göstərib. Xəbəri IRNA agentliyi yayıb.

Alavi yaraqlıların kimliyini, şəbəkələrin nə vaxt aşkarlandığını da söyləməyib.

İİKK oktyabrın 1-də bəyan etdi ki, Əhvazdakı hücumun şübhəli sifarişçilərini cəzalandırmaqdan ötrü Suriyadakı yaraqlılara raket atıb.

Məlumatda deyilirdi ki, hücumun arxasında duran “bir sıra liderlər və effekti elementlər” Suriyanın şərqinə raket hücumlarında “öldürülüb və xəsarət alıb”.