Badamdardakı sürüşmə ilə bağlı son durum - Rəsmi

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan niyə sürüşür? 3 səbəb

«Sürüşmə kütləsi üzərində ciddi dəyişiklik baş verməyib, lakin ara-sıra uçqunlar müşahidə edilir».

«Turan» agentliyinin xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov Badamdar-«20-ci sahə» avtomobil yolunun sağ kənarındakı torpaq sürüşməsi ilə bağlı bunu bildirib.

Ekspedisiya rəisi deyib ki, gərginliyin dinamikasını müəyyən etmək məqsədilə çatlar yaranmış hasarlar üzərində mayaklar quraşdırılıb, ciddi sürüşmələr olmasa da, bəzi yerlərdə uçqunlar baş verir. Onun vurğulamasına görə, Badamdar yolunun bir hissəsi artıq bağlanıb.

Sürüşmənin səbəblərinə gəlincə, Ə.Qaralov əsas amil kimi burada tikilmiş evlərdə kanalizasiya xəttinin olmamasını, torpağın artıq suçəkmə qabiliyyətini itirməsini göstərir: «Burada o qədər evlər var ki, kanalizasiyası yoxdur. Bu sular torpaq səthiylə axıdılır, torpaq da müəyyən müddət sonra bu sulardan «doyur», qrunt suları qalxır. Bu da torpağın dayanıqlığını itirməsinə və sürüşməsinə səbəb olur».

Yaranmış vəziyyətlə bağlı buradakı əhalinin köçürülə bilməsi ehtimalına gəlincə, ekspedisiya rəisi deyib ki, bu qərarı artıq hökumət verməlidir.

Xatırlatma

Bayıl qəsəbəsi, «20-ci sahə» adlı ərazidən Badamdar yoluna çıxışda son dönəmlər ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Oktyabrın 12-si və 13-də sürüşmənin davam etdiyi açıqlanmışdı.

«Səhər saatlarında istinad divarı sürüşüb 4-5 metrə qədər aşağı düşdü, demək olar ki, divarın yarısından çoxu dağılıb», - deyə Ə.Qaralov bildirmişdi.

Ekspedisiya rəisi habelə demişdi ki, oktyabrın 12-də axşam 11 evin sakini sürüşmə ərazisinin yaxınlığından çıxarılıblar, kommunal xidmət kəsilib.