S.Novruzov dini icmalara avtomobil verilməsindən danışdı

S.Novruzov

«Azərbaycanda dini icmalara avtomobillərin verilməsi müəyyən çaşqınlıq yaradıb. Bu baxımdan qeyd edirəm ki, burada söhbət fərdlərdən yox, icmalardan gedir. İcmalar nəqliyyat vasitələri ilə təmin olunurlar. Bu proses yeni başlayıb».

«Report» xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, dini icmalara avtomobillərin verilməsi nümunəvi addımdır.

Komitə sədri əlavə edib ki, Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin dinə olan qayğısı mütəmadi xarakter daşıyır: «Bunu istər məscidlərin tikilib və ya yenidən təmir olunmasında, istərsə də dini icmalara nəqliyyat vasitələrinin verilməsində şahidi oluruq».

Xatırlatma

Bu günlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə tabe olan Mənəvi Dəyərlərin Təbliği Fondu Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən «Azərmaş» MMC-dən 22 ədəd «Khazar SD» markalı minik avtomobili alıb. Fond buna görə zavoda 359 min 986 manat ödəniş edib və həmin avtomobillərin 14-ü bu il oktyabrın 11-də 14 dini icmaya təqdim olunub.

Bəzi ekspertlər hesab edirlər ki, bu addım həm dini icmalar, həm də cəmiyyətdə ayrıseçkilik yaradır.