'Əfqan Muxtarlı karsa salınıb'

Ə.Muxtarlı

Həbsdəki jurnalist Əfqan Muxtarlının cərimə kamerasına salındığı bildirilir.

Bu haqda «Turan» agentliyinə jurnalistin həyat yoldaşı Leyla Mustafayeva danışıb. Onun sözlərinə görə, Ə.Muxtarlını tibb məntəqəsinə icazəsiz getməsi adı ilə oktyabrın 7-də cəzalandırıblar: «Tibb məntəqəsinə getməsini bəhanə ediblər. Əfqan dərman üçün icazə alıb məntəqəyə gedib. Karsa (cərimə kamerası-R) salmaqda əsl səbəb onun Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimin yastığının altından bıçaq tapılmasına etiraz etməsi olub».

L.Mustafayevanın sözlərinə görə, Ə.Muxtarlını bir saatdan artıq karsda saxlayıblar.

«Ancaq ardınca telefon danışıqlarına yenidən məhdudiyyət qoyublar», - həyat yoldaşı deyib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, hələlik, L.Mustafayevanın söylədiklərinə münasibət öyrənmək mümkün olmayıb. Ancaq bu qurum rəsmiləri, bir qayda olaraq, bəyan edirlər ki, cəzaçəkmə müəssisələrində məhbuslarla yalnız qanun çərçivəsində davranılır.

Ə.Muxtarlı 16 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

Xatırlatma

Gürcüstandan oturum izni almış Ə.Muxtarlı 2017-ci ilin mayında müəmmalı şəkildə Azərbaycanda həbs edilib.

Jurnalist Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Rəsmi ittihamda isə bunun əksi iddia olunur. O, güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib.