İranın Ankaradakı səfirliyi intiharçı hücumuyla ‘təhdid olunub’

İranın Ankaradakı səfirliyi, arxiv fotosu

İranın Ankaradakı səfirliyi intiharçı hücumuyla təhdid olunduğunu bildirir.

“Səfirliyə qarşı intiharçı hücumu yalnız hədə kimi səsləndirilib. Ciddi bir şey baş verməyib və hər şey nəzarətdədir”, – səfir Mohammad Ebrahim Taherian Fard deyib.

İranın IRNA dövlət xəbər agentliyi Farda istinadla yazmışdı ki, təhdidi “özünü Daesh ilə əlaqələndirən bir şəxs səsləndirib”.

Daesh İslam Dövləti silahlı qruplaşmasının ərəbcə qısa adıdır.

Türkiyə mediası Fardın səfirlikdən çıxarıldığını yazsa da, o özü və Tehran bunu təkzib edib.

“Belə bir iddia ağ yalandır. Hazırda səfirlik əməkdaşları iş başındadır, tam təhlükəsizlik təmin olunur”, – İranın Xarici İşlər Nazirliyi vebsaytında yerləşdirdiyi bəyanatda bildirib.

DHA xəbər agentliyinin bildirməsinə görə, İran səfirliyi mümkün intiharçı hücumu barədə kəşfiyyat məlumatı alıb.

Səfirliyə gedən yol bağlanıb, ərazidə polis maşınları görünüb.

Fardın sözlərinə görə, Türkiyə polisi Tehranın Ankaradakı missiyası ətrafında “təhlükəsizlik tədbirlərini gücləndirib”.