Sürüşmə təsir dairəsini genişləndirir

Sizin brauzer HTML5-i dəstəkləmir

Bayılda yenə sürüşmə olub. Video arxiv - 2018

Oktyabrın 15-dən 16-na keçən gecə Badamdardakı sürüşmə ərazisində aktivlik davam edib.

Bunu «Turan» agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib. Onun sözlərinə görə, ekspedisiya mütəxəssisləri bütün gecə müşahidələri davam etdirib: «Dünən (oktyabrın 15-də) evlərdən birinin hasarının bir hissəsi uçmuşdu, torpaq boşalması nəticəsində bu gecə həmin hasarın qalan hissəsi də uçdu. Daha bir yarımtikili var idi, onun da altında torpaq boşalması baş verib. Yəqin ki, yaxın saatlarda o da uçacaq. Bütünlükdə isə, sürüşmə öz təsir dairəsini genişləndirir və ərazinin qaş hissəsinə doğru irəliləyir».

Ə.Qaralovun deməsinə görə, uçan hasar ətrafı ərazilərdə sürüşmənin miqyası get-gedə genişlənməkdədir.

Ərazidə söküntülər aparılmasına gəlincə, ekspedisiya rəisi deyib ki, indiki halda hər hansı kənar müdaxilə yersizdir.

Rəsmilər həmin ərazidən bütün sakinlərin köçürüldüyünü bildirirlər.

Xatırlatma

Bayıl qəsəbəsi, «20-ci sahə» adlı ərazidən Badamdar yoluna çıxışda son dönəmlər ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Oktyabrın 12-si və 13-də sürüşmənin davam etdiyi açıqlanmışdı.

Rəsmilər bildiriblər ki, oktyabrın 12-də axşam 11 evin sakini sürüşmə ərazisindən çıxarılıb, kommunal xidmətlər kəsilib.