BŞİH: Bu tikililəri rəsmiləşdirən şəxslər...

Sizin brauzer HTML5-i dəstəkləmir

Bayılda yenə sürüşmə olub

Badamdar qəsəbəsindəki şosenin üzərindəki kəskin dağ yamacında baş vermiş sürüşmə sahəsində yerləşən mövcud tikililər əsas etibarilə keçən əsrin 90-cı illərində inşa edilmiş fərdi yaşayış evləridir.

«Turan» agentliyinin məlumatına görə, bunu Badamdardakı sürüşmə ərazisindəki tikililərin durumu ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildiriblər.

BŞİH-dən vurğulayıblar ki, hazırda riskli olan bu evlər tikildikdən sonra rəsmiləşdiriliblər: «Lakin yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud landşaftı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır».

İcra hakimiyyətindən həmçinin əlavə ediblər ki, Badamdar sürüşmə zonasinda əksəriyyətində yaşayış olmayan 11 fərdi ev var. Həmin evlərdə yaşayan sakinlərin köçürüldüyü, ərazidəki iki obyektin fəaliyyətinin dayandırıldığı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sürüşmə zonasındakı durumla bağlı son məlumatında isə bildirilir ki, ərazidə aktivlik dinamikası dayanmayıb.

«Üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir. Sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb», - nazirlik qeyd edir.

Xatırlatma

Bayıl qəsəbəsi, «20-ci sahə» adlı ərazidən Badamdar yoluna çıxışda son dönəmlər ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Oktyabrın 12-si və 13-də sürüşmənin davam etdiyi açıqlanmışdı.

Rəsmilər bildiriblər ki, oktyabrın 12-də axşam 11 evin sakini sürüşmə ərazisindən çıxarılıb, kommunal xidmətlər kəsilib.