E.Məmmədyarov: 'Eşitdiklərimiz müsbət impuls verir'

E.Məmmədyarov

«Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq. Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin dayanıqlı inkişafı üçün ən vacib məsələlərdən biridir».

Xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 15-də Lüksemburqda keçirilən Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin xarici işlər nazirlərinin görüşündəki çıxışında belə deyib. Bu haqda nazirliyin açıqlamasında bildirilir.

Ermənistanda bu ilin dekabrında parlament seçkiləri gözlənir.

Nazir Ermənistanlı həmkarları ilə görüşləri xatırladıb: «...Bağlı qapılar arxasında eşitdiklərimiz bizə irəli getmək imkanları barədə müsbət impuls verir. Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq».

Nazirin sözlərinə görə, bu isə ilk növbədə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmasından asılıdır.

E.Məmmədyarov 2018-ci ili Avropa Birliyi (AB) ilə əməkdaşlıq gündəliyinin inkişaf etdirilməsi baxımından çox məhsuldar il kimi xarakterizə edib.

«Bu yaxınlarda Azərbaycan-AB Tərəfdaşlığı Prioritetləri sənədinin qəbul olunması ikitərəfli əlaqələrimizdə ən mühüm mərhələdir. Biz Avropa Birliyi ilə orta və uzunmüddətli perspektivdə fəaliyyət göstərmək istərdik», - nazir vurğulayıb.

Nazir energetika sahəsində əməkdaşlıq əlaqələrindən danışıb. Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsinin üzərində dayanıb.

«AB və Azərbaycan arasında readmissiya, viza sadələşdirilməsi razılaşmalarının uğurla həyata keçirilməsinə xüsusi əhəmiyyət veririk. Bu, AB ilə Azərbaycan arasında viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlaması üçün əsas yaradacaq», - deyən nazir təhlükəsizlik məsələlərindən danışarkən deyib ki, müasir beynəlxalq durum ticarət sahəsində çaxnaşmalar, kiberhücumlar və qeyri-sabit siyasət kimi çağırışlarla üzləşir.

«Şərq Tərəfdaşlığının coğrafiyasında sabitlik və əməkdaşlığı təhdid edən hərbi münaqişələrin həlli olmadan əsl sabitlik düşünülə bilməz», - E.Məmmədyarov bildirib.

Xatırlatma

«Şərq Tərəfdaşlığı» proqramı Avropa Birliyi ilə əməkdaşlıq formatıdır. Bu formatda Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna da təmsil olunur.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla Assosiasiya sazişi imzalayıb.

2017-ci ildə isə Ermənistanla AB arasında tərəfdaşlıq sazişi imzalanıb.

Azərbaycanla belə danışıqlar, hələ ki, davam edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.