Yeni imtahan modeli sınaqdan keçiriləcək

Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2019-cu ildən tətbiq ediləcək yeni modelini sınaqdan keçirəcək.

DİM-in məlumatına görə, yeni modelin sınağı bakalavriat səviyyəsinə qəbul imtahanı üzrə həyata keçiriləcək. Müddəti 3 saat olan sınaq imtahanına qeydiyyata bu gün, oktyabrın 16-da start verilib. Sınaqlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

İmtahanlar pulludur, 20 AZN ödənilməsi tələb olunur.

Yazı işlərinin yoxlanılması və iştirakçıların sayından asılı olaraq imtahanın nəticələri ən tezi 2 həftədən sonra elan olunacaq. Abituriyentlərə imtahanda topladıqları ballar 400 ballıq şkala üzrə təqdim olunacaq.

İmtahanların oktyabrın 28-də keçirilməsi planlaşdırılır.

Bir müddət öncə Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyinin birgə hazırladığı ümumi təhsil pilləsində yekun qiymətləndirmə və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli açıqlanıb.

Yeni modelin 2019-cu ildən tətbiqi nəzərdə tutulur. Həmin modelə görə, 11-illik təhsil bazasında buraxılış imtahanı 1 mərhələdə keçiriləcək. 3 saat davam edəcək imtahanlar 4 qrup üzrə təşkil olunacaq. İmtahanlarda hər fənn (ana dili, riyaziyyat, xarici dil) üzrə 30 sual təqdim ediləcək. Onlar maksimum 300 bal toplaya biləcəklər.

Yeni modelə görə, 9-illik təhsil bazasında buraxılış imtahanları 2 mərhələdə keçiriləcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 3 saat davam etməsi planlaşdırılır. Maksimum bal göstəricisi isə 400 olacaq. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaqdan ötrü müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq. Həmin nəticələr qəbul imtahanından toplanılan balın üzərinə əlavə ediləcək. Yəni, abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

Ayrıca V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

Xatırlatma

Azərbaycanda ali məktəblərə qəbul 1992-ci ildən (Əbülfəz Elçibəyin prezidentliyi dövründə) test üsulu ilə aparılır. Test üsuluna keçidi bir çoxları tələbə qəbulunda rüşvət hallarına zərbə kimi dəyərləndirirdilər.

İndi isə bəzi ekspertlər yeni modelə müsbət yanaşsalar da, bir sıra təhlilçilər də yenidən subyektivliyə geniş imkanlar açılacağından narahatdırlar.