Əhvazdakı hücumun təşkilatçısının öldürüldüyü bildirilir

Parada hücum

İran İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) iddia edir ki, Əhvaz şəhərində hərbi parada hücumun təşkilatçısı öldürülüb. Ötən ay törədilmiş hücumda 24 nəfər öldürülmüşdü.

İİKK-nın oktyabrın 16-da dövlət mediasında yaydığı bəyanata görə, İraqdakı müttəfiq qüvvələri Abu Zaha adlı bir nəfəri qətlə yetiriblər və o, “Əhvazdakı terror cinayətinin arxasında duran şəxsdir”. Onunla birlikdə daha dörd silahlının da öldürüldüyü bildirilir.

İran dövlət televiziyasının vebsaytında Abu Zaha İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasının üzvü kimi göstərilir. Bu sünni müsəlman qruplaşması şiə müsəlmanları kafir sayır.

Əhvazdakı hücuma görə həm İŞİD, həm də Əhvaz Milli Müqaviməti adlanan ərəb müxalifət qruplaşması məsuliyyəti götürmüşdü. Ancaq qruplardan heç biri iddialarını əsaslandıran dəlil ortaya qoymadı.