Nazirlik sığorta pulu ilə bağlı şikayətlərə cavab verib

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda etiraz: ölən hərbçilərin müavinəti niyə verilmir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan insanların bəzilərinin yaxınlarının birdəfəlik ödəmə-sığorta pullarını ala bilməmələri ilə bağlı şikayətlərinə münasibət bildirib.

Nazirlik vurğulayır ki, əvvəllər birdəfəlik ödəməni almadıqlarını iddia edən bir qrup vərəsənin əslində bu ödəməni aldıqları sənədlər əsasında təsdiqini tapıb: «Bütün bu müraciətlərin hər birinə diqqətlə yanaşılaraq qeydiyyata götürülməklə, aidiyyəti qurumlarla birgə müvafiq araşdırmalar həyata keçirilir. Bir qrup şikayətçinin müraciətlərinin araşdırılması zamanı vərəsələri olduqları şəhid hərbi qulluqçulara görə onların indiyədək heç zaman sığorta ödənişi almadıqları barədə iddialarının əsassız olduğu müəyyən edilib».

Nazirlik vurğulayır ki, sığorta ödənişini almadıqlarını iddia edən başqa bir sıra vərəsələrlə bağlı isə araşdırmalar davam etdirilir.

Dünən, oktyabrın 16-da bir qrup insan Şəhidlər Xiyabanına toplaşaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan yaxınlarına görə sığorta pulu ala bilmədiklərindən şikayətlənmişdilər. Daha sonra deputatlar onların şikayətini Milli Məclisdə də gündəmə gətirmişdi. Spiker Oqtay Əsədov isə demişdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinin əməkdaşları Milli Məclisə çağırılaraq məsələ müzakirə olunmalıdır.

Xatırlatma

Azərbaycan prezidenti 2018-ci il aprelin 19-da 1997-ci il avqustun 2-nə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəmə həyata keçirilməsi barədə fərman imzalayıb.

Fərmanın icrası ilə əlaqədar olaraq bir sıra dövlət qurumları və Dövlət Sığorta Kommersiya Şirkəti siyahı tərtib etməlidirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə oktyabrın 9-dan sənədlərinin qəbuluna başlayıb. Bununla əlaqədar nazirliyin saytında «Birdəfəlik ödəmə» bölməsi işə salınıb.

Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan insanların ailə üzvləri bu pulu hökumətdən illərdi ki, tələb edirdilər. Hətta bundan ötrü məhkəməyə üz tutanlar da var idi.

Hələ bu ilin əvvəlində, o vaxt əmək və əhalinin sosial müdafiəsi naziri işləyən Səlim Müslümov demişdi ki, ilkin informasiyaya görə, 8 min 800 şəxs bu fərmanın icrası altına düşür.