Azərbaycanda dövlət müstəqilliyi qeyd edilir

Azadlıq Meydanında mitinq

Oktyabrın 18-i Azərbaycanda Dövlət Müstəqilliyi Günüdür.

27 il əvvəl Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.

Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar sessiyaya qatılmayıb.

Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanın SSRİ-dən ayrılmasına qarşı çıxanlar kimlər idi

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ səsverməyə çıxarılır. Əhalinin 95 faizi bu referendumda iştirak edərək, ölkənin müstəqilliyinə səs verir. Hərçənd, ondan 9 ay öncə Azərbaycanda da SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilmişdi. Yerli hakimiyyətin və Mərkəzi Seçki Komissiyasının bildirməsinə görə, səsverməyə qatılanların çoxu SSRİ-nin saxlanmasına səs vermişdi. Həmin referendumu müxalifət qüvvəsi-Azərbaycan Xalq Cəbhəsi boykot etmişdi. Bu təşkilat referendumun nəticələrinin saxtalaşdırıldığını açıqlamışdı.

O dövrün müstəqil araşdırmaçılarının fikrincə, 1991-ci ilin avqustunda Moskvada dövlət çevrilişinə cəhd və bunun qarşısının alınmasından sonra isə bütün SSRİ-də fərqli mənzərə yaranmış, müstəqillik tərəfdarlarının mövqeləri güclənmişdi. Elə həmin hadisələrdən bir qədər sonra da Azərbaycan və bir sıra müttəfiq respublikada Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

2006-cı il dekabrın 8-də Azərbaycan Milli Məclisi Əmək Məcəlləsinə dəyişiklik edib. Həmin dəyişikliyə görə, 18 oktyabr Müstəqillik Günü kimi qalsa da, artıq istirahət günü kimi qeyd edilmir.