KXCP: Aytəkin İmranova polisə aparılıb

A.İmranova

Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP) verilən məlumata görə, oktyabrın 18-də Fəxri Xiyabanda onların fəalları ilə polis arasında gərginlik baş verib.

Məlumatda vurğulanır ki, polislər 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə bağlı Fəxri Xiyabanda eks-prezident Əbülfəz Elçibəyin məzarının ziyarət edilməsinə əngəl yaratmaq istəyiblər.

KXCP-nin sədr müavini Xəzər Teyyub AzadlıqRadiosuna bildirib ki, səhər saatlarında 30-40 partiya üzvü Fəxri Xiyabana gedib, ancaq polislər onları Xiyabana buraxmayıblar.

X.Teyyubun vurğulamasına görə, onlar bunu Xiyabana hansısa vəzifəli şəxsin gəlişi ilə izah ediblər.

«Xiyabanda mühafizə funksiyasını yerinə yetirən polislər telefonla rəisləri ilə məsləhətləşdikdən sonra partiya üzvlərinin Xiyabana girişinə imkan verdi. Ancaq anım ziyarətinə gecikənlərin Fəxri Xiyabana daxil olmasına imkan verilməyib», - X.Teyyub qeyd edib.

X.Teyyubun sözlərinə görə, polislərlə müzakirələr apararkən KAXCP üzvü, hüquq müdafiəçisi Aytəkin İmranova saxlanıb, onu Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparıblar.

KXCP verilən məlumata görə, bölmədə A.İmranovanın izahatı alınıb, təxminən 1 saat sonra o, sərbəst buraxılıb.

Ancaq bu deyilənlərə Səbail Rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycan Ali Soveti (parlament) 1991-ci il oktyabrın 18-də «Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı»nı qəbul edib.

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ səsverməyə çıxarılıb və əhalinin 95 faizi ölkənin müstəqilliyinə səs verib.

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy ötən sərin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının liderlərindən biri olub. O, Xalq Cəbhəsi təşkilatının sədri kimi 1992-ci il iyunun 7-də Azərbaycanın prezidenti seçilib.

1993-cü il iyunun 4-də ölkənin ikinci şəhəri Gəncədə baş verən silahlı itaətsizlikdən sonra o, hakimiyyəti itirmək məcburiyyəti qarşısında qalıb. Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında vəfat edib.