Müdafiə naziri yeni silahlara baxdı

Z.Həsənov

Müdafiə naziri Zakir Həsənov Çexiyada səfərdədir.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində bu ölkədə təşkil olunan «Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018» sərgisinə qatılıb. Sərgidə 60-dan çox ölkənin 1200-dək şirkəti iştirak edir.

«Azərbaycan nümayəndə heyəti... xarici ölkələrin müdafiə şirkətlərinin istehsal etdiyi məhsullar ilə tanış olaraq onların təyinatları barədə ətraflı məlumatlandırılıb», - məlumatda bildirilir.

Səfər çərçivəsində Z.Həsənovun bir sıra müdafiə şirkətlərinin rəhbərliyi ilə ikitərəfli görüşlər də keçirdiyi qeyd edilir.

Xatırlatma

Bir neçə gün davam edəcək «Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018» oktyabrın 17-də açılıb. Sərginin rəsmi açılış mərasimindən sonra Z.Həsənov çexiyalı həmkarı Lubomir Metnar ilə görüşüb ikitərəfli müzakirələr aparmışdı.

Z.Həsənovun səfəri oktyabrın 20-də başa çatacaq.