Teatrlara tütün qadağası

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda siqaret qadağası: çayxanalara gileyli, çəkməyənlər sevinclidir

Qanunvericiliyə tütünün təbliği ilə bağlı yeni qadağalar gəlir.

Bu gün, oktyabrın 18-də Milli Məclisin (MM) Mədəniyyət komitəsində bununla bağlı bəzi qanunlara təklif edilən dəyişikliklər müzakirə olunub.

MM-in məlumatına görə, 4 qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur.

«Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında» Qanuna dəyişikliyə görə, tütün məmulatlarının, tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayişi, belə halların əks etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə və kabel yayımı vasitəsilə açıq yayımlanması qadağandır.

«Televiziya və radio yayımı haqqında» Qanuna da oxşar məzmunlu 40.2.2-1-ci əlavə edilir.

Habelə, «İctimai televiziya və radio yayımı haqqında» Qanuna da eyni məqsədlə yeni maddə əlavə olunur.

Bütün bunlardan başqa, tütün qadağası ilə bağlı müddəa «Teatr və teatr fəaliyyəti haqqında» Qanuna da salınacaq. Həmin qanuna təklif olunan 11.4-cü maddəyə görə, teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi qadağandır.

Komitə dəyişiklikləri dəstəkləyib və qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə edib.

Xatırlatma

Milli Məclis ötən ilin dekabrında «Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında» Qanun layihəsini qəbul edib.

Sənədə əsasən, səhiyyə, elm, təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, sirk binalarında, sərgi və nümayiş salonlarında siqaret çəkilməsi qadağan edilir. Habelə, bura idman yarışları, konsert və digər kütləvi tədbirlərin keçirildiyi zallar, ticarət, məişət, sosial xidmət obyektləri daxildir.

Siqaret çəkməkdən ötrü ayrılan xüsusi yerlər istisna olmaqla hava, dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində də siqaret çəkilməsi yolverilməz sayılır. Bu qadağanı pozanlar cərimələnir.

Bu il oktyabrın 1-də isə parlament İnzibati Xətalar Məcəlləsinə tütündən istifadə ilə bağlı əlavələr edib. Bu dəyişikliklərdən birinə görə, sərnişindaşıma üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində, taksilərdə siqaret çəkənlər 40-50 manat cərimə olunmalıdırlar.