Sedletska-nın telefonuna çıxış qadağası uzadılıb

Natalia Sedletska

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ukraynalı jurnalistin mobil telefonuna çıxışın yasaqlanmasına dair ötən ay çıxardığı qərarın müddətini uzadıb. Söhbət AzadlıqRadiosu-nun (RFE/RL) reportyoru Natalia Sedletska-nın telefonuna Ukrayna hakimiyyətinin müdaxiləsindən gedir.

AİHM sentyabrın 18-də bir aylıq aralıq qərarı çıxarıb. Ukrayna hakimiyyətinə göstəriş verib ki, hakimiyyətin jurnalistin telefonunda hər hansı məlumata çıxışını əngəlləsin.

Bu qərar Sedletska-ya imkan verir ki, müstəntiqlərin onun telefonundakı məlumatlara baxmasına icazə verən məhkəmə qərarına qarşı tam şikayət hazırlaya bilsin.

Avqustun 27-də Kiyevin Peçersk Dairə Məhkəməsi Baş Prokurorluğun vəsatətini təmin edib, müstəntiqlərə icazə verib ki, jurnalistin mobilində 2016-cı il iyulun 1-dən, 2017-ci il noyabrın 30-dək olan məlumatların hamısını nəzərdən keçirsinlər.

Bu qərar bir cinayət işi çərçivəsində çıxarılıb. Ukrayna Milli Antikorrupsiya Bürosunun direktoru Artem Sytnyk-in 2017-ci ildə jurnalistlərə dövlət sirrini sızdırmasına dair iddialar araşdırılır.

Sedletska AzadlıqRadiosu-nun Ukrayna Xidməti ilə Ukrayna İctimai Televiziyasının “Sxemlər” antikorrupsiya proqramının aparıcısıdır.