Cins nisbəti pozulur

Doğum evi

Doğum evi

«1990-cı illərin əvvəllərindən doğulanlar arasında qız uşaqlarına nisbətdə oğlanların artımı, cins nisbətinin pozulması müşahidə olunur».

Bu gün, oktyabrın 19-da «Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı» layihəsinin təqdimatında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev belə deyib.

Nazirliyin məlumatında bildirilir ki, S.Babayev ümumilikdə ölkədə demoqrafik sabitliyin hökm sürdüyünü ifadə edib.

«Aparılan siyasət BMT-nin «Əhali və İnkişaf» üzrə Fəaliyyət Proqramının prinsiplərinə uyğun şəkildə və BMT-nin Əhali Fondu ilə səmərəli əməkdaşlıq müstəvisində həyata keçirilir», - deyən nazir gender bərabərliyinin təmin edilməsi istiqamətində mütərəqqi beynəlxalq yanaşmalara uyğun siyasətin aparıldığını vurğulayıb.

«Bununla belə, 1990-cı illərin əvvəllərindən doğulanlar arasında qız uşaqlarına nisbətdə oğlanların artımı, cins nisbətinin pozulması müşahidə olunur. Son illərdə cins nisbətinin pozulması göstəricisində azalma meyli mövcud olsa da, nisbət fərqi yenə nəzərəçarpan dərəcədədir», - nazir bildirib.

Mərasimdə BMT-nin Əhali Fondunun, Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin rəsmiləri də çıxış ediblər.

Təqdimatı keçirilən «Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı» layihəsi BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə hazırlanıb.

Xatırlatma

Dövlət Statistika Komitəsinin ( DSK) məlumatına görə, bu ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 90 min 523, yaxud hər gün orta hesabla 373 doğulmuş körpə qeydə alıblar. Doğulan körpələrin 53.1 faizi oğlan, 46.9 faizi isə qız uşaqlarıdır.

2018-ci il sentyabrın 1-i ölkə əhalisinin sayı 9 milyon 950 min 512 nəfərə çatıb. Əhalinin 49.9 faizini kişilər, 50.1 faizini isə qadınlar təşkil edir.