NİDA: Elgiz Qəhrəmanın səhhətində problemlər yaranıb

E.Qəhrəman

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın səhhətində problemlər yarandığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna NİDA Vətəndaş Hərəkatından Samir Əsədli danışıb.

S.Əsədlinin sözlərinə görə, oktyabrın əvvəlində E.Qəhrəman cərimə kamerası ilə cəzalandırılıb və fiziki təzyiqlə üzləşib: «Onu 3 gün cərimə kamerasında saxlayıblar. Cərimə kamerası soyuq olub, həm də taxtanın üstündə yatmalı olub. Bunun nəticəsində səhhətində ciddi problemlər yaranıb».

S.Əsədlinin sözlərinə görə, E.Qəhrəmanın böyrəklərində ağrıları var.

«Dünəndən (oktyabrın 18-i) ürəyində də ciddi ağrılar başlayıb», - S.Əsədli qeyd edib.

Penitensiar Xidmətdən bu deyilənlərə münasibət almaq mümkün olmayıb. Ancaq qurum onun fiziki zorakılığa məruz qalması barədə deyilənləri daha öncə təkzib etmişdi.

E.Qəhrəmanın cərimə kamerasına salınması barədə hələ bir həftə əvvəl atası Camal Qəhrəmanov AzadlıqRadiosuna məlumat vermişdi. O, oğluna fiziki təzyiq olduğunu da demişdi.

Həmin vaxt Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirmişdi ki, daxili intizam qaydalarını pozan məhkumların cərimə təcridxanasına salınması qanuna uyğun qaydada həyata keçirilir.

«Adını çəkdiyiniz məhkum da bizim üçün sıradan bir məhkumdur. Əgər intizam qaydalarını pozursa, ona münasibətdə də qanuna uyğun davranılır. Bizim müəssisələrdə məhkum cərimə kamerasına salınmamışdan öncə onunla profilaktik iş, söhbət aparılır. Əgər əvvəlki mövqeyində israr edirsə, nəticə çıxarmırsa, o halda keçirilir», - deyən M.Sadıqov əlavə etmişdi ki, Penitensiar Xidmətin tabeliyində olan müəssisələrdə saxlanan şəxslərin döyülməsi ilə bağlı söylənənlər həqiqət deyil.

Xatırlatma

E.Qəhrəman 2016-cı il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında Cinayət Məcəlləsinin (CM) 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3.315 qram heroin tapıldığı iddia olunur.

NİDA-çı gənc 2017-ci il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə onun ittiham olunduğu maddəni dəyişib. Gənc fəala CM-in 234.1 (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik saxlama) maddəsiylə 3 il cəza təyin olunub.

E.Qəhrəman həm özü, həm də NİDA Vətəndaş Hərəkatı bu həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını bəyan edir.