İran ABŞ-ın seçkiyə müdaxilə iddialarını rədd edir

Bahram Ghassemi

Tehranın Birləşmiş Ştatlarda gözlənən seçkilərə təsir göstərməyə çalışmasına dair Vaşinqtonun səsləndirdiyi ittihamlar saxtadır, sübutu yoxdur. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü dünən – oktyabrın 21-də deyib.

“Görünür, amerikalılar bu məsələylə bağlı illüziyalardan əziyyət çəkir”, – Bahram Ghassemi bildirib. Onun fikrincə, Vaşinqtonun “uydurma siyahısı”na hər gün yeni adlar və iddialar salınır və məqsəd ölkəiçi siyasi çəkişmələri ört-basdır etməkdir.

Ötən cümə günü Birləşmiş Ştatların kəşfiyyat və təhlükəsizlik xidmətlərinin birgə bəyanatında Rusiya və Çinlə yanaşı İran da ABŞ-da 2020-ci ilin noyabrına planlaşdırılan seçkiyə təsir göstərməyə çalışmaqda suçlanıb.

“ABŞ-da seçkilərə xarici müdaxilə demokratiyamıza təhdiddir; bu müdaxilənin aşkarlanaraq əngəllənməsi Federal Hökumətin başlıca prioritetidir”, – bəyanatda vurğulanırdı.