Bu gün, oktyabrın 22-də prezident İlham Əliyev İmişli rayonuna səfər edib.
AZƏRTAC-ın məlumatına görə, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev prezident İ.Əliyevə görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.
Sonra prezident İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasiminə qatılıb. O, açılış mərasimdə çıxış edib.
İqtisadiyyat naziri Şahin Mustafayev, «Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə görülən işlər və qarşıda duran planlar barədə dövlət başçısına məlumat veriblər.
2010-cu ildə Kür çayının daşması ilə baş verən təbii fəlakətdən sonra Araz çayının yeni qolunun çəkilməsinə başlanıb. O zaman deyilirdi ki, yeni qol bolsululuq dövründə çaylarda suyun səviyyəsini azaltmaq, daşqının qarşısını almaq məqsədi daşıyır.
Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr edilən iclasında isə «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Ə.Əhmədzadə bunları demişdi: «2017-ci ildə Araz çayının 54 kilometr uzunluğunda yeni qolunu torpaq məcrada inşa etməklə Saatlı, Biləsuvar və İmişli rayonlarında 40 min hektar torpaq sahələrinə suvarma su mənbəyi yaradılıb. Cari ildə həmin kanalı beton üzlüyə almaqla bu rayonların əlavə olaraq 13 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi mümkün olub. Hazırda paylayıcı kanalların tikintisi işlərinə başlanılıb».
Prezidenti İ.Əliyev oktyabrın 22-də Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin və İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında da iştirak edib.