Pakistanın Baş naziri Imran Khan Səudiyyə Ərəbistanına investisiya konfransına gedəcək, çünki krallığın ayırdığı kreditlər ölkəyə “çox lazımdır”.
“Belə bir imkandan yararlanmalı olduğunu düşünürəm, çünki 210 milyonluq əhalisi olan bir ölkə hazırda ən pis borc böhranı yaşayır”, – Khan oktyabrın 22-də “Middle East Eye” portalına deyib.
“Dost ölkələrdən, yaxud Beynəlxalq Valyuta Fondundan kredit əldə etməyincə, gələn iki-üç ay ərzində borclarımızı, yaxud idxal üçün ödənişləri etməyə yetərincə xarici valyutamız olmayacaq. Hazırda bu bizə çox lazımdır”, – baş nazir deyib.
Digər ölkə liderləri isə Səudiyyədə investisiya konfransını boykot edirlər, onlar bu ayın əvvəlində İstanbuldakı Səudiyyə konsulluğunda jurnalist Jamal Khashoggi-nin öldürülməsinə etiraz edirlər.
Khan deyib ki, “Washington Post”un yazarı Khashoggi-nin “sarsıdıcı” ölümündən narahatlığını bildirib. Amma onu da deyib ki, “Səudiyyənin izahatının nə olacağını gözləyirik... Ümid edirik, adamları qane edəcək izahat veriləcək, günahkarlar cəzalandırılacaq”.
Bu, Khan-ın Səudiyyə Ərəbistanına təxminən bir ay ərzində ikinci səfəri olacaq. Ancaq o, ödəniş böhranını önləməkdən ötrü ər-Riyaddan yetərli maliyyə yardımını, hələlik, əldə edə bilməyib.