Büdcəyə Neft Fondundan transfertlər artır

Dövlət Neft Fondu

2019-cu ildə Azərbaycanın dövlət büdcəsinin parametrləri açıqlanıb.

«Turan» agentliyinin məlumatına görə, büdcə layihəsi dünən, oktyabrın 22-də parlament üzvlərinə təqdim edilib.

Xəbərə görə, layihədə 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22.9 milyard manat, xərcləri isə 24.7 milyard manat göstərilir.

Dövlət büdcəsinin gəlirlərinin strukturunda ən iri pay Dövlət Neft Fondundan daxilolmaların hesabına olmalıdır. Dövlət Neft Fondundan 11.3 milyard manat (büdcənin 49.6 faizi) gəlməlidir. Builki büdcədə bu rəqəm 9 milyard manat civarında olmuşdu.

Vergilər Nazirliyinin xətti ilə 7.3 milyard manat və ya 31.9 faiz, Dövlət Gömrük Komitəsinin xətti ilə isə 3.4 milyard manat və ya 15.1 faiz gəlir daxil olmalıdır.

Layihədə qalan gəlirlər 1 milyarddan azdır.

Təhsil, səhiyyə və müdafiə xərcləri artıb

Xəbərdə habelə vurğulanır ki, dövlət büdcəsi layihəsində təhsil xərcləri 2.2 milyard manat, səhiyyə xərcləri 1.048 milyard manat, müdafiə xərcləri isə 3.038 milyard manat təşkil edir. Təhsil, səhiyyə və müdafiə xərclərində artım gözlənir.

Dövlət büdcəsi layihəsinə görə, 2019-cu ildə ÜDM artımı 3.6 faiz səviyyəsində proqnozlaşdırılır.

Dövlət büdcəsində 1 barrel neftin qiyməti 60 dollar səviyyəsində müəyyən edilib. 2019-cu il üzrə dollar məzənnəsi 1.70 manat proqnozlaşdırılır.

Xatırlatma

2018-ci ilin dövlət büdcəsi ötən ilin dekabrında qəbul edilmişdi. Dövlət büdcəsinin gəlirləri 20.127 mlrd. manat, xərcləri isə 21.047 mlrd. manat məbləğində təsdiqlənmişdi. Büdcədə neftin bir barreli 45 dollar götürülmüşdü. Sonradan bu il iyunun 29-də büdcəyə dəyişiklik edildi. 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin proqnoz gəlirləri 22.11 mlrd., xərcləri isə 23.061 mlrd. manat məbləğinə çatdırıldı.