Fransanın Bakıdakı səfiri XİN-ə çağırılıb

XİN

Fransanın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Azərbaycan XİN-in oktyabrın 23-də axşam saatlarında yaydığı məlumatda bildirilir: «Ona bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbərinin qanunsuz səfərləri ilə bağlı rəsmi etiraz bildirilib».

Məlumatda habelə vurğulanır ki, görüşdə Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verilib.

XİN bildirir ki, Fransa hökuməti bu ölkənin fiziki, hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə yönəlmiş fəaliyyətinin qarşısının alınmasından ötrü effektiv tədbirlər görməyə dəvət edilib.

Məlumatda yazılıb ki, həmçinin qarşı tərəfə Azərbaycan XİN-in rəsmi notası təqdim olunub.

Məsələyə, hələlik, Fransanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.