NATO Vaşinqtonu dəstəkləyir

Jens Stoltenberg

NATO baş katibi Jens Stoltenberg ABŞ-ın Rusiya ilə bağladığı orta və kiçik mənzilli raketlərin ləğvi müqaviləsindən çıxmasını dəstəkləyib. Stoltenberg bu məsələdə məsuliyyəti Moskvanın üzərinə qoyub. Onun sözlərinə görə, Vaşinqton müqaviləyə tam şəkildə əməl edir, ancaq Rusiya sənədi pozduqca, o, effektli ola bilməz. Stoltenberg əlavə edib ki, Moskvanın hərəkətlərinə baxmayaraq, NATO Avropada nüvə silahı arsenalını artırmağa hazırlaşmır.

NATO rəhbəri bu haqda son 12 ildə keçiriləcək ən böyük hərbi təlimlər öncəsi bəyan edib. Bu təlimlərdə NATO ölkələrindən 50 min hərbi qulluqçu iştirak edəcək.

Stoltenberg Şimali Atlantika ittifaqının qarşıdurmaya can atmadığını, ancaq müttəfiqlərini istənilən təhlükədən qorumağa hazır olduğunu da qeyd edib.

ABŞ-ın orta və kiçik mənzilli raketlərin ləğvi müqaviləsindən çıxması haqda ölkə prezidenti Donald Trump bir qədər öncə bəyan etmişdi. Onun milli təhlükəsizlik üzrə müşaviri John Bolton bununla bağlı Moskvada danışıqlar aparıb. Kreml bildirib ki, yeni müqavilə haqda danışıqlara başlamadan köhnədən imtina etmək çox təhlükəlidir.