Nəcməddin Sadıkov israilli həmkarı ilə görüşüb

N.Sadıkov

Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov İsrailə rəsmi səfəri çərçivəsində bu ölkədən olan həmkarı Qadi Ayzenkot ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş oktyabrın 24-də Tel-Əvivdə keçirilib.

Q.Ayzenkot İsrailin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verməsindən danışıb. O, iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişaf etməsindən ötrü geniş imkanların mövcud olduğunu qeyd edib.

Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyinin vurğulandığı bildirilir.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi N.Sadıkov dünən, oktyabrın 23-də İsrailə gedib.

Elə oktyabrın 23-də Tel-Əvivdə onun İsrailin müdafiə naziri Aviqdor Liberman ilə görüşü olub. Görüşdə tərəflər regional təhlükəsizlik, hərbi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

İsrail Azərbaycanın silah aldığı əsas ölkələrdən biridir.