ABŞ Prezidenti Donald Trump medianı “sonsuz düşmənçiliyi” bitirməyə çağırıb. Bu çağırışdan öncə isə ölkənin tanınmış şəxslərinə şübhəli bombalar göndərilib.
Trump oktyabrın 24-də axşam deyib ki, bu hərəkətə görə məsuliyyət daşıyanlar tapılacaq. O, eyni zamanda medianı “daimi neqativ və daha çox saxta hücumları və xəbərləri” dayandırmağa çağırıb.
ABŞ-da seçkiyə ikicə həftə qalır. Nyu Yorkda, Vaşinqtonda DC-də və Floridada bəzi ünvanlara şübhəli bağlamalar göndərilib. Şübhəli bombalar CNN televiziyasına, keçmiş prezident Barack Obama-ya və keçmiş dövlət katibi Hillary Clintona, MKİ-in keçmiş direktoru John Brennan-a və başqalarına ünvanlanıb.
Bağlamalardan heç biri partlamayıb. Federal Təhqiqatlar Bürosu şübhəliləri axtardığını bildirib.
Trump-ın tənqidçiləri onu öz ritorikası ilə zorakılığı qızışdırmaqda suçlayır.
“Ağ evdə media hücumlarının ciddiliyi barədə qətiyyən anlayışları yoxdur”, – CNN Worldwide-nın prezidenti Jeff Zucker deyib.