Təzadlı hava: gündüzə nisbətdə gecə isti ola bilər

Yağış

Oktyabrın 26-da Bakı və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənir. Bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeronda gecə 16-18, gündüz 13-15 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da oktyabrın 26-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı təxmin edilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, dağlıq ərazilərdə yağıntının qara keçəcəyi ehtimalı var. Gecə 12-17, gündüz 18-23, dağlarda gecə 9-11, gündüz 6-9 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 26-dan 27-si gündüzədək Abşeron yarımadasında hava şəraitinin ötən günlə müqayisədə təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun 10-12 dərəcə aşağı enəcəyi gözlənir. Bu da meteohəssas insanlardan ötrü əlverişsiz hava sayılır.