Külək ağacı insanların üzərinə aşırıb

Ağacın aşması. Foto arxiv

Son günlər havanın küləkli keçməsi Bakıda və ətraf kəndlərdə fəsadlara yol açıb. Onlarla ağacın aşdığı, xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilir.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) «Turan» agentliyinə bildiriblər ki, paytaxtın əksər rayonlarında bir çox ağaclar aşıb. Axşamdan başlayaraq BŞİH-in əlaqəli qurumlarının işçi qüvvələri ortaya çıxan fəsadların aradan qaldırılması işinə cəlb ediliblər.

BŞİH-dən Yasamal və Nəsimi rayonlarında çoxillik ağacın aşmasının maddi ziyana səbəb olduğunu deyiblər.

Yasamal rayonunda ağacın taksi maşınlarının üstünə aşdığı bildirilir. Nəsimi rayonu, Bakıxanov küçəsində də yaşayış binasının həyətindəki ağacın aşması bir avtomobilə və iki mənzilin pəncərələrinə ziyan vurub.

Suraxanı rayonunda isə ağac aşmasının daha ağır fəsadlar doğurduğu bildirilir. Hövsan qəsəbəsindəki Olimpiya Kompleksinin yaxınlığında ağac skamyada əyləşənlərin üzərinə aşıb. Nəticədə 3 nəfərin xəsarət aldığı, onların 3 Saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirildiyi deyilir. Xəstəxanadan deyiblər ki, xəsarət alanlardan birinin durumu ağırdır.

BŞİH-dən hazırda Bitkilərin mühafizəsi idarəsinin gücləndirilmiş iş rejimində işlədiyi bildirilib.

Sabah, oktyabrın 26-da da Bakıda güclü şimal küləyi gözlənir.